Beynəlxalq Layihə: Azərbaycan və Norveç muzeyləri arasında əməkdaşlıq

Beynəlxalq Layihə: Azərbaycan və Norveç muzeyləri arasında əməkdaşlıq

2007-ci ildə Bakı Muzey Mərkəzi (Azərbaycan) və Stavanger şəhər Arxeologiya Muzeyi (Norveç) arasında Azərbaycan-Norveç əlaqələri layihəsi çərçivəsində mədəni sahədə əməkdaşlıq haqqında müqavilə imzalandı.

Muzey Mərkəzinin direktoru Liana Vəzirova və mədəni quruculuq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əminə Məlikova seminarda iştirak edirdilər.

Bu müqavilənin əsas məqsədi – Azərbaycan və Norveç muzeyləri arasında əsası “Karvansaray. Azərbaycan - Odlar yurdu” sərgisi müddətində qoyulmuş əlaqələrin və əməkdaşlığın möhkəmləndirilməsi, iki ölkə arasında gələcək əlaqələrin inkişafı, iki ölkənin muzey əməkdaşlarının biliklərinin genişləndirilməsi, iş metodları ilə tanışlıq, təcrübə mübadiləsi, muzey işində yeni üsulların, yeni ideyaların tətbiqi, ölkələrin özünəməxsusluğu və mədəniyyətlərinin ən yaxşı yollarla dərk edilməsi olmuşdur.

Həmin layihə 2007-2008-ci illər ərzində həyata keçirildi. İlk seminar 2007-ci ilin payızında Bakıda, ikinci seminar 2008-ci ilin mayında Oslo və Stavangerdə, nəhayət Azərbaycan və Norveçin muzey mütəxəssislərinin sonuncu seminar-görüşü 2008-ci ilin noyabrında Bakıda keçirildi.

Əməkdaşlığın əsas predmetləri:
- auditoriya ilə ünsiyyət (sərgilərin müxtəlif növləri, müxtəlif təbəqələrin cəlb edilməsi, muzey mağaza və kafeləri)
- konservasiya (sərgi eksponatlarının, avadanlıqlarının və s.-in mühafizəsi)

15 iştirakçı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif muzey və təşkilatlarını təmsil edirdi. 9 nəfər isə Norveç muzeylərinin muzey işi, bərpa və mühafizə sahəsinin mütəxəssisləri idi.