Yay incəsənət sərgisi

15.07.2010 - 31.08.2010

Sərgi Qalereyası
Keçirilmə tarixi: 15 iyul - 28 avqust, 2010 –cu il.
Təşkilatçı: Muzey Mərkəzi

15 iyul, 2010-cu il tarixdə Muzey Mərkəzinin Sərgi Qalereyasında “Yay vernisajı” adlı müasir incəsənət sərgisi açıldı. Sərgidə ayrı-ayrı nəsil rəssamların müxtəlif janr, texnika və mövzuda 120-dək işi nümayiş olunurdu. Məmməd Rəşidovun şüşədən hazırlanmış heykəltəraşlıq işləri, Pərviz Hüseynov və İrina Qundorinanın kuklaları, İlham Mirzəyevin “Salvador Dalinin xatirəsinə”, Samirə Cavadovanın “Zəriflik”, Leyla Əliyevanın “Harmoniya”, Nailə Zülfüqarovanın “Həyatın öpüşü”, Vüqar Əlinin “Ağ qızıl güllərlə”, Afət Bağırovanın “Sakitlik” və Nairə Rüstəmovanın bir çox işləri buna misal ola bilər. Vernisajda ayrı-ayrı müəlliflərin doğma diyarımızı əks etdirən əsərlərinə də rast gəlmək olardı: Yusif Mirzənin “Qırmızı kərpicli damları olan Laçın”ı, İsa Məmmədovun “Neftçilər prospekti” və Eldar Qurbanın “Filarmoniya”sı. Bir çox eksponatlar ilk dəfə sərgilənirdi. Yaradıcılağa yeni-yeni başlamış Albina Abubəkirovanın kuklaları sərginin ən maraqlı eksponatları idi.
Bu sərgidə fırça ustalarının yay haqqındakı al rəngli rəsm əsərlərindən nəinki zövq və ləzzət almaq, həmçinin bəyənilən hər hansı bir əsəri mənzil, ev, ofis, mehmanxana tərtibatı və s., eləcə də yaxınlara və dostlara hədiyyə etmək üçün əldə etmək mümkün idi.